Ballıqaya qətliamından 28 il ötür – FOTO

Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 28 il keçir.

1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, doqquz nəfəri yaralayıblar.
Qətlə yetirilənlərin arasında altı azyaşlı uşaq, o cümlədən, altı aylıq körpə də olub, üç azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb.
Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.
Ballıqaya qətliamı zamanı erməni quldurları 33 yaşlı Hürzaman Hümbətovanı 6 azyaşlı övladı ilə birlikdə qətlə yetirərək yandırıblar.
Həmin vaxt Bərdə rayonunda olan ailə başçısı Vəzir Hümbətov AZƏRTAC-ın müxbiri ilə söhbətində 28 il əvvəl törədilmiş qətliamın dəhşətlərindən danışıb.
“Hadisə baş verən gün mən Bərdə rayonunda idim. Ailəmiz isə Ballıqayada. Mən Ballıqayaya gedəndə gördüm ki, Ağcakənddə post qurulub. Heç kimi buraxmırlar. Soruşdum, nə olub? Dedilər, ermənilər dinc sakinləri qətlə yetiriblər. Əraziyə çatanda gördüm ki, çoxlu insan yığılıb, bizim daxal (qamışdan düzəldilmiş daxma) odlanıb, altı uşağım və yoldaşım yanıb. Sonra məlum oldu ki, ermənilər əvvəlcə ailəmi güllələyib, sonra od vurub yandırıblar.
Daxal yanıb tökülmüşdü cəsədlərin üstünə. Uşaqlarımın və yoldaşımın yanmış cəsədlərini maşına qoyub gətirdik Bərdəyə. Orada yeddi alaçıq var idi. Alaçıqdakıların da hamısını güllələyib öldürmüşdülər. Həmin qətliamda öldürülən sakinlərin hamısı yaxın qohumlarım idi”.
Ballıqayada qətlə yetirilmiş şəxslərdən bəziləri Bərdə rayonunun Qaradəmirçi, Alpout, Tumaslı və Nazırlı kəndlərində dəfn edilib. Faciə zamanı ailə üzvlərini və yaxın qohumlarını itirən Yunis Mehdiyev də hər il Nazırlı kəndindəki qəbiristanlığa gələrək onları yad edir.
“1992-ci ildə Laçın rayonu işğal edilən zaman doğma yurdumuzdan köçkün düşdük. Əvvəlcə Kəlbəcərdən keçib Toğanada məskunlaşdıq. Sonra isə Goranboyun Ballıqaya ərazisinə gəldik. Ballıqayada qaldığımız üçüncü gecə səhər saat 5 radələrində ermənilər gəlib camaatı qanına qəltan elədilər.
Qətliam zamanı anam, bacım, qardaşım, onun həyat yoldaşı, əmim, əmimin yoldaşı, iki oğlu və qızı, bibim, bibimin iki qızı və qayınanası, əmim nəvələri vəhşicəsinə qətlə yetirildi. Çox ağır faciə idi – bir nəsildən 24 nəfər öldürüldü”.
Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.
Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar – azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib.
Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.