“Onların hərbi jurnalistika sahəsində tutduqları yüksəkliklərə mediamız qalxa bilməyib…”

Aqil Abbas: “Yəqin Çingizin özü də, ruhu da Qarabağdadır, bizi gözləyir…”
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin doğum günüdür. Ç.Mustafayevin Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əvəzolunmaz xidmətləri olub. Xüsusən onun Xocalı soyqırımı haqda çəkdiyi kadrlar Ermənistanın faşist kimliyini ifşa etmək üçün tutarlı sübutlar idi. Məhz onun çəkdiyi kadrlar ermənilərin maskasının yırtılması ilə nəticələndi. O, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.
 “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Çingiz Mustafayevin həmişə tarixdə cəsur hərbi jurnalist kimi qaldığını bildirib:
“Çingiz Mustafayev bizim tariximizdə cəsur müharibə jurnalistlərindən biri kimi yadda qalıb. Biz o prosesin iştirakçısı olmuşuq və Azərbaycanın bir neçə hərbi jurnalisti nəinki Qafqazda, Sovet məkanında dünya mətbuatını materiallarla təmin edirdilər. Bu isə böyük bacarıq və cəsarət tələb edirdi. Axı bunlar uzun hərbi jurnalistika məktəbi, gənclərin böyük qismi isə ümumiyyətlə, jurnalistika məktəbi keçməmişdilər. Ona görə də onlar belə gözəl məktəb və ənənə yaratdırlar. Amma təəssüf ki, bəziləri öz həyatı bahasına bunları etməli oldu. Mənə elə gəlir ki, bizim hələ jurnalistikanın formalaşmadığı dövrdə onların hərbi jurnalistika sahəsində tutduqları yüksəkliklərə bu gün də mediamız təəssüf ki, qalxa bilməyib”.
Millət vəkili Aqil Abbas isə  açıqlamasında Çingizin qısa ömrü ərzində tarixdə özünəməxsus iz qoyduğunu bildirib:
“Çingiz Mustafayev şəxsən tanıdığım adam olub və onunla özü də Bakıda yox, Ağdamda tanış olmuşam və cəsarətinə də heyran qalmışam. Əvvəldən amma onu qiyabi olaraq “Ozan” qrupundan tanıyırdım. Çingiz Azərbaycan jurnalistikasına bir örnəkdir və əbədi olaraq da tarixdə yaşayacaq. Bu gün Çingizin altmış yaşı tamam olur, guya biz ondan otuz il artıq yaşayıb dünyanı düzəltmişik? Amma o, qısa ömrüylə çox şey elədi. Özü də bu gün Aşura günüdür. Onun doğum günü də belə bir günə düşür. Çingiz haqqında çox danışa bilərəm, amma ümumiyyətlə, ad günü münasibətilə onun balalarını, nəslini təbrik edirəm. Yəqin Çingizin özü də, ruhu da Qarabağdadır, bizi gözləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.