Prezidentin yunan səfirə verdiyi siyasi dərs və mühüm mesajlar…

Yeni səfirlərin etimadnaməsinin qəbulu adətən diplomatik etiket çərçivəsində baş tutur: səfir dövlət başçısına yaxınlaşır, bir çox hallarda ayaqüstü söhbət olur və etiketdən kənar çıxmayan fikirlər səsləndirilir. Əgər səfirin ölkəsi ilə bağlı hansısa neqativ məqamlar varsa, daha çox bağlı qapılar arxasında bildirilir və bu işi xarici işlər naziri yerinə yetirir.

Yalnız nadir hallarda diplomatik etiketdən kənara çıxılır və bu nadir hallar adətən dövlət üçün taleyüklü əhəmiyyət kəsb edən məsələlər, eləcə də hansısa ciddi mesajın verilməsi zərurəti yarandıqda baş verir.

Prezident İlham Əliyev dünən Yaponiya və Yunanıstanın Azərbaycana təyin olunmuş yeni səfirlərinin etimadnaməsini qəbul edərkən bunun şahidi olduq.

Dövlət başçısı əvvəlcə Yaponiyanın yeni səfiri Cuniçi Vadanı qəbul etdi və iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın çox geniş gündəliyi olduğunu diqqətə çatdırdı, fəal siyasi siyasi dialoq olduğunu bildirdi.

Ardınca Yunanıstanın yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul etdi və diplomatiyanın manevrli lüğətini kənara qoydu. Prezident səfirə öncədən “mən sizinlə açıq danışacağam” deyə bildirdi.

Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”, – deyə qeyd etdi.

İxtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplomat yetişdirən, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən Prezident İlham Əliyev nümayiş etdirdi ki, məsələ milli maraqlar olanda diplomatik üslubu kənara qoyur. Və Yunanıstanın yeni səfiri ilə açıq mətndə danışdı.

Birincisi, enerji məsələsində Azərbaycanın Yunanıstana dəstəyini və bu dəstək qarşılığında Afinanın qeyri-adekvat davranışını səfirə çatdırdı. Söhbət Yunanıstan hökumətinin müraciəti əsasında SOCAR-ın bu ölkənin qaz şirkəti olan “DESFA”-nın səhmlərini alması, ardınca Afinanın tenderin nəticələrini ləğv etməsi və bu məsələdə rəsmi Bakının 4 il müddətində gözlədilməsindən gedir.

Dövlət başçısı bu qeyri-dipolomatik davranışı yeni səfirin diqqətinə çatdırmaqla Yunanıstanın yeni hökumətinə əvvəlki hökumətin səhvlərini təkrarlamaması üçün açıq mətnlə mesaj verdi.

İkincisi, Prezident İlham Əliyev Yunanıstanın və Cənubi Kiprin Azərbaycan torpaqlarını işğal edən Ermənistanla hərbi əməkdaşlığından narahatlığını dilə gətirdi və burada bir neçə məqamı önə çəkdi.

a) Azərbaycan Yunanıstan və Cənubi Kiprin işğalçı Ermənistanla üçtərəfli formatda əməkdaşlığını qəbul etməyəcək.

b) BMT də daxil olmaqla bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. O cümlədən, iki il öncə Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” adlı sənədi paraflayıb. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Bu, Afinaya üzvü olduğu Aİ-nin də Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini tanıdığının xatırladılmasıdır.

c) Yunanıstanın yeni səfirinə Rusiyanın Tovuz döyüşlərindən sonra Ermənistana silah daşımasını nümunə çəkərək, “Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, – dünən sonuncu uçuş idi, – Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir” deməklə həm Afinaya belə məsələdə prinsipial mövqeyimizi çatdırdı, həm də Moskvaya hələ də işğalçı ölkəyə silah daşıdıqlarından xəbərdar olduğumuzun mesajnı verdi.

Daha sonra Yunanıstan, Cənubi Kipr və Ermənistanın üçtərəfli formatda əməkdaşlığının Azərbaycanı narahat etdiyini bəyan etdi.

Yunanıstan və Ermənistanın hərbi rəhbərliyi arasında 2020-ci ili əhatə edən ikitərəfli əməkdaşlıq proqramı imzalanıb. Bu proqram hərbi-tibbi və taktiki hazırlıq üzrə təlimlər, kibertəhlükəsizlik, mühəndislik, həmçinin, informasiya sahəsində təcrübə mübadiləsi də daxil olmaqla 21 istiqaməti birləşdirir.

Bununla yanaşı, 2020-ci ili əhadə edən eyni proqram Yunanıstan, Cənubi Kipr və Ermənistan arasında üçtərəfli formatda qəbul olunub. Yunanıstan-Ermənistan əməkdaşlığı Türkiyə və Azərbaycana qarşı yönəlib.

Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinə hər şeydən xəbərimizin olduğunu açıq şəkildə bildirdi və son olaraq, Afina-Ankara qarşıdurmasında Bakının rəsmi mövqeyini açıqladı.

Üçüncüsü, Şərqi Aralıq dənizində baş verən qarşıdurmada Azərbaycanın rəsmi mövqeyi elan edildi.

Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”, – Prezident Azərbaycanın mövqeyini bəyan etdi.

Və bu mesaj təkcə Yunanıstana yox, Türkiyəyə qarşı addımlarda bu ölkənin arxasında dayanan bütün ölkələrə verildi.

Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammiti yada salır. Həmin sammitdə Azərbaycan lideri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək bildirmişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Eyni mövqe hələ də davam edir və səfirlə görüşdə dövlət başçısının səsləndirdiyi fikirlər növbəti dəfə sübut etdi ki, Azərbaycan lideri milli maraqların müdafiəsini hər şeydən üstün tutur.

Asif Nərimanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.