Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək

Məişət zorakılığından zərər çəkmiş şəxslərin və onların uşaqlarının zorakılıqdan sonra həyatlarını yenidən qurmalarına kömək etmək üçün psixoloji və tibbi yardım da daxil olmaqla, onlara göstərilən xidmətlərin böyük əhəmiyyəti vardır. Zorakılığa məruz qalmış və ya zorakılığa məruzqalma riski altında olan qadınların ehtiyaclarının xüsusi təlim keçmiş mütəxəssislərin köməyi ilə ən səmərəli şəkildə qarşılanması üçün həmin xidmətlər yaxşı təşkil olunmalı və maliyyələşdirilməlidir.

Bu barədə məlumat Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb.

Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması aşağıdakı vəzifələrin icrasını nəzərdə tutur:

– məişət zorakılığından zərər çəkmiş şəxslərin beynəlxalq standartlara cavab verən, onların ehtiyaclarını tam qarşılaya bilən müvəqqəti sığınacaqla təmin edilməsi;

– yardım mərkəzlərinin ixtisaslı kadrlarla təmin olunması;

– yardım mərkəzlərində mütəmadi olaraq monitorinqlərin aparılması və onların fəaliyyətinin yaxşılaşdırılması.

Məişət zorakılığından zərər çəkmiş şəxslərə zəruri yardım göstərilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi, mühafizə orderlərinin verilməsi, məişət zorakılığı törətmiş şəxslərin qeydiyyata alınması və onlarla tərbiyəvi qabaqlayıcı işlərin aparılması zərər çəkmiş şəxslərin və onların ailə üzvlərinin təhlükəsizliyinin təmin olunmasını mümkün edir və zorakılığın təkrarlanmasının qarşısını almağa, məişət zorakılığı törətmiş şəxslərə öz zorakı əməllərinə görə məsuliyyət hiss etdirməyə imkan verir.

Məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

– məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsində vəkillər, prokurorlar və polis orqanlarının əməkdaşları üçün təlimlərin keçirilməsi;

– məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsində məhkəmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması;

– hüquq mühafizə orqanları, məhkəmə orqanları və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yaradılmış yardım mərkəzləri arasında qarşılıqlı əlaqə qurulması;

– məişət zorakılığından zərər çəkmiş şəxslərin bu sahədə məlumatlılığının artırılması, onların polis və məhkəmə orqanlarına etimadının artırılması məqsədilə əlverişli mühit yaradılması;

– məişət zorakılığından zərər çəkmiş şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarının təşkil olunması və onların digər aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində tədbirlər görülməsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.