Laçın rayon ictimaiyyəti nümayəndələri Ali Baş Komandana müraciət edib

Laçın rayon ictimaiyyəti nümayəndələri Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevə müraciət 2nvanlayıb.
Müraciətdə deyilir:
“Cənab Ali Baş Komandan!
Uzun illər düşmən tapdağında olan əzəli torpaqlarımızın işğaldan azad edilməsi və respublikamızın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən möhtəşəm tarixi zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik!
Sizin rəhbərliyiniz altında qazanılan bu qələbə bizə tək itirilmiş torpaqları qaytarmadı, həm də özünəgüvənimizi bərpa etdi, yüksək əzm, hünər və mübarizlikdən yoğrulmuş qəhrəmanlıq ruhumuzu oyatdı, bizi utancdan, ümidsizlikdən, müvəffəqiyyətsizlik sindromundan xilas etdi, bizə böyük qalibiyyətdən doğan yüksək fəxarət hissini yaşatdı. Buna görə Sizə nə qədər təşəkkür etsək belə azdır.
Siz çox böyük təmkinlə öz uzaqgörən siyasətiniz, diplomatik bacarığınız, sarsılmaz iradəniz və qətiyyətinizlə bizi bu qələbəyə addım-addım yaxınlaşdırdınız.
Hakimiyyətə gəldiyiniz vaxtdan dövlət müstəqilliyinin dayaqlarının daha da möhkəmləndirilməsi, iqtisadiyyatın sürətlə inkişaf etdirilməsi və modernləşdirilməsi, çoxşaxəli səmərəli islahatların həyata keçirilməsi, ölkə üçün böyük əhəmiyyət kəsb edən bir çox qlobal layihələrin gerçəkləşdirilməsi, multikulturalizm və tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılması və güclü ordunun formalaşdırılması bu tarixi zəfərin qazanılmasına əsaslı zəmin yaratmışdır.
Vətən müharibəsində müzəffər ordumuzun cəmi 44 gün ərzində zəbt edilmiş ərazilərin böyük bir hissəsini döyüş meydanında, misilsiz qəhrəmanlıq nümunələri göstərərək işğaldan azad etməsi və bu möhtəşəm qələbənin nəticəsi olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etməklə geri alınması çox böyük tarixi hadisədir. Bu zəfərlə Siz Azərbaycan tarixinin şanlı səhifəsini yazdınız və xalqın yaddaşına əbədi həkk olundunuz.
Möhtərəm cənab Prezident!
Vətənimiz üçün bu həlledici günlərdə ölkədə misli görünməmiş milli hərəyliyin yaranması bizi çox sevindirdi.
27 sentyabrdan etibarən siyasi baxışı, statusu, milləti, dini, cinsi və yaşından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlik və məhrumiyyətləri unudaraq, bir nəfər kimi Ali Baş Komandana və silahlı qüvvələrimizə dəstəklərini ifadə etdilər.
Bu günlərdə gərgin iş qrafikinə rəğmən, Sizin şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğınız, birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşərək onların səhhəti ilə maraqlanmağınız, müharibədən dərhal sonra işğaldan azad olunmuş Cəbrayıl, Füzuli və Ağdam rayonlarına səfər edərək qələbə sevincini xalqla bölüşməyiniz xalq-iqtidar birliyinin parlaq təzahürüdür. Məhz bu birlik, Sizin ifadənizlə “dəmir yumruq” mənfur düşmən üzərində tam və qəti qələbənin başlıca səbəblərindən olmuşdur.
Qoy bu həmrəylik əbədi və sarsılmaz olsun!
 Hörmətli Ali Baş Komandan!
Azərbaycanın unikal tarixi abidəsi Şuşa şəhərinin azad edilməsindən sonra, Sizin birinci xanım Mehriban Əliyeva ilə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək onun vəsiyyətini yerinə yetirdiyinizi bəyan etməyiniz bizi çox duyğulandırdı, eyni zamanda da qürurlandırdı. Vətənə sonsuz sevgini özündə ehtiva edən bu müqəddəs vəsiyyətə görə ulu öndərə olan ehtiramımız daha da artdı. Ata vəsiyyətini yerinə yetirən etibarlı oğula, görkəmli liderimizə isə məhəbbət və inamımız daha da gücləndi.
Möhtərəm cənab Prezident!
Şuşa, Ağdam və Kəlbəcər zəfərinin ardınca Laçının azadlığa qovuşması bütün cəmiyyətdə böyük sevinclə qarşılandı. Çünki zəngin təbii sərvəti, xüsusilə şəfalı mineral suları və nadir qırmızı palıd meşələri ilə məşhur olan Laçın, həm də ölkəmizin ərazi bütövlüyünün qorunması nöqteyi-nəzərindən çox böyük strateji əhəmiyyətə malikdir. Bunu yaxşı bilən mənfur qonşular həmişə Laçını ələ keçirmək arzusunda olmuşlar. Lakin hər belə cəhddə qəhrəman laçınlıların sərt müqaviməti ilə üzləşərək geri çəkilməyi ilə məcbur olmuşlar.
Təəssüflər olsun ki, 1992-ci ildə ölkədə hökm sürən hərc-mərclik, xaos, kreslo davası, hakimiyyətdə olanların səbatsızlığı və səriştəsizliyi Laçının erməni təcavüzkarları tərəfindən işğalına şərait yaratmışdır.
Laçının strateji əhəmiyyətini nəzərə alan ermənilərAzərbaycanla aparılan danışıqlar zamanı bir sıra hallarda işğalda olan rayonlardan (Dağlıq Qarabağ istisna olmaqla) çəkilmək istəsələr də, heç vaxt Laçından çıxmayacaqlarını elan etmişlər. Lakin ulu öndər Heydər Əliyev və Siz heç bir halda bu şərtlə razılaşmamış, məsələnin Laçınsız həlli variantını yaxına buraxmamısınız.
Laçınlılar bunu yüksək qiymətləndirir və möhkəm siyasi iradə nümayiş etdirdiyinizə görə Sizə sonsuz minnətdarlıqlarını bildirirlər.
Sizin, 2011-ci il dekabr ayının 24-də, 50 illik yubileyiniz günü əzizimiz Mehriban xanımla Ağcabədi rayonu Taxta Körpü qəsəbəsind laçınlı məcburi köçkünlər üçün salınmış qəsəbənin açılışında iştirak etməyiniz və orada “Mən öz ad günümdə öz ailəmlə birlikdəyəm, doğmalarım sizsiniz” deməyinizdən doğan fərəh hissi və o səmimi, qürurverici sözlər hələ də yaddaşlarımızdadır.
Hörmətli cənab Prezident!
Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənənvə müdafiə edən biz laçınlılar əminik ki, işğaldan azad olunan Laçın rayonu, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə yenidən qurularaq daha da gözəlləşəcək, gülüstana çevriləcəkdir.
Allah Sizi qorusun!
Biz çox xoşbəxt xalqıq ki Sizin kimi liderimiz var!
Hörmətlə,
Laçın rayon ictimaiyyəti nümayəndələri adından,
1. Ağayar İsmayılov
2. Şərqiyyə Vəliyeva
3. Seyid Səttar Ağa
4. Ramiz Cəbrayılov
5. Qəzənfər Hüseynov
6.  Vaqif Şükürov
7. Ayaz Abbasov
8. Qardaşxan Dostuyev
9. Musa İsayev
10. Nəzifə Quliyeva
11. Dinarə Abdürrəmanova
12. Sima Tarverdiyeva
13. Nəzakət Tarverdiyeva
14. Bəsti Nəcəfli
15. Roza Cəbrayılova
16. İlham Qəhrəman
17. Arif Məmmədli
18. Azər Məmmədov
19. Əsəd İsmayılov
20. Əmirxan Zeynalov
21. Müsü Abduləzimov
22. Əmiraslan Məmmədov
23. Ağaxan Nəzərov
24. Səlim Səlimov
25. Murad Hüseynov
26. Tahir Bayramov
27. Natiq Mustafayev
     01.12.2020″

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: