İctimai Nəzarət anlayışı ( ” İctimai Nəzarət” Konsepsiyasından)

Nəzarət – idarəetmənin ən mühüm funksiyalarından biri olub, tabeliyində olanın idarə edilməsinin qanuniliyi, məqsədəuyğunluğu və səmərəliliyi məsələlərində qəbul edilmiş standartlardan yayınma hallarının aşkar edilməsinə, bu cür meyllər olduqda isə müvafiq tədbirlərin vaxtında həyata keçirilməsinə yönəlmişdir. Bəşər tarixini iki yerə ayırmalı olsaq, iki halla üzləşərik. İlk öncə, mədəni cəmiyyətlərdə insanlar bir yerə toplanıb, məhz özlərinin haqq və hüquqlarını müdafiə etmək üçün dövlət qurub, onları idarə edən qurumlar yaradıblar. İkinci isə, məhz dövlət və hakimiyyətdən həm də özlərini qorumaq üçün artıq müxtəlif metodlar, üsullar axtarmağa cəhd ediblər. Təbii ki, məhz ən müvafiq təsirli metod ictimai nəzarət məsələsidir. İctimai nəzarətin həyata tədbiqində isə bütün vətəndaşlar, ictimai və siyasi təsisatlar, eyni zamanda isə QHT sektoru və media da əhəmiyyətli rol daşımalıdırlar. Qeyd edək ki, bu bütövlükdə nəzəri məsələdir. Belə ki, praktik aspektdə problemə yanaşanda ictimai nəzarətin bazis tərkibi olaraq ictimai davranışın, ictimai məsuliyyətin, hətta ictimai rəyin önə keçməsi zəruriləşir. İctimai Nəzarət resursların cəmiyyət üçün çox mühüm əhəmiyyət kəsb edən üstün istiqamətlərə ayrılması və tətbiqi, dövlət qurumlarının inkişafını və onlar arasında qarşılıqlı əlaqə və tənzimlənməni təmin etməyə imkan verən nəzarət sisteminin təkmilləşdirilməsini zəruri edir. Buradan belə nəticəyə gəlmək olar ki,ictimai nəzarətə dar mənada kiminsə, nəyinsə fəaliyyətıni yoxlamaq, geniş mənada normativ– huquqi aktların, qəbul olunmuş qərarların tələblərinə riayət edilməsinin və yerinə yetirilməsinin yoxlanılması kimi baxmaq olar. İctimai nəzarət güclü olan cəmiyyətlərdə məmurlar, aidiyyəti qurumlar, rəhbər işçilər özlərini daha məsuliyyətli hiss edir, işlərinə daha diqqətlə yanaşır, mövcud problemlərin həlli daha da sürətlənir, qeyri-müəyyənlik və çaşqınlıq yaradan hallara operativ surətdə aydınlıq gətirilir. Aydındır ki, cəmiyyəti, insanları narahat edən məsələlər yalnız inzibati orqanların, rəhbər təşkilatların ümidinə buraxılmamalıdır. Unutmaq olmaz ki, ictimai nəzarət, həmçinin dövlət orqanlarının, təşkilatların fəaliyyətindəki mövcud problemlərin çoxalıb böhrana çevirlməsinin qarşısının alınmasına imkan yaradır. Təbii ki, bu gün sürətlə yeniləşən, keyfiyyətcə yeni mərhələyə qədəm qoyan ölkəmizdəki hüquqi dövlət quruculuğu prosesində atılan addımlar, söz, mətbuat, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının kifayət qədər formalaşması, eləcə də konstruktiv ictimai tənqid və tənbeh üçün hər cür şəraitin yaradılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normaya uyğun tənzimlənməsi insanların idarəetmə prosesinə cəlb olunmasına ən yüksək səviyyədə şərait yaradır. İctimai nəzarət xüsusi ilə demokratiyanın həyata keçirilməsinin bir forması, geniş kütlələrin, cəmiyyətin və dövlətin idarə olunmasına cəlb edilməsi üsulu, aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruri şərti kimi mühüm əhəmiyyətə malikdir. Bütövlükdə ictimai norma və qaydalar, sosial göstərişlər və hüquqi cəzalar kimi anlayışları özündə birləşdirən ictimai nəzarət həm də dövlət idarəçiliyinə bir institusional dəstəkdir.

”ictimainezaret.info”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.