1 dəqiqəlik sükutun hüznlü tarixi – Azərbaycan ildə iki dəfə 1 dəqiqəlik sükuta qərq olurdu, gələn il üç dəfə olacaq

Hər dəqiqənin öz hökmü var. Yəqin ki, bu ifadəni ilk dəfə işlədən şəxs dəqiqələrinin qədrini bilən olub. Əslində çoxlarımız çox kiçik zaman kəsiyi olan bir dəqiqəni necə keçdiyimizin, nəyə sərf etdiyimizin fərqinə varmırıq. Amma bir dəqiqədə dünyada baş verənlər haqqında xəbər tutsaq, sözsüz ki, ömrümüzdən gedən dəqiqələrə daha həssas yanaşarıq.
Əvvəlcə kiçik və orta təxmini olan bir statistikanı oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Bir dəqiqə ərzində dünyada 265 uşaq doğulur, onlardan 114-ü yoxsul və səfalət içində yaşayan ailələrdə dünyaya gəlir. Yeni doğulan bu körpələrdən isə təxminən 15-i anadangəlmə qüsurlu olur.
Bir dəqiqə ərzində dünyada 112 nəfər dünyasını dəyişir. Bu 112 nəfərdən 2-nin ölümünə avtoqəzalar səbəb olur.
Nikbin notlarla ötüşən dəqiqələr də az deyil. Dünyada bir dəqiqə ərzində 119 cütlük nikaha girərək gələcək xoşbəxt həyatları haqqında düşünürlər.
60 saniyə ərzində yeni mənzil sevinci yaşayanların sayı da yetərincədir. Belə ki, bir dəqiqə ərzində dünyada 148 nəfər yeni mənzilə sahib olur.
Maddi durumdan, sosial rifahdan, dolanışıqdan şikayətlənən insanlar həzz dəqiqələrini də unutmurlar. Bir dəqiqədə 86 min nəfər konkret şəkildə eşq səmasına pərvaz edir.
Qayğılarını unutmaq üçün alkoqola üstünlük verənlərin sayı daha böyükdür. Belə ki, bir dəqiqədə dünya əhalisini təxminən 1 faizi sərxoş vəziyyətdə olur.
Rahatlığını çay içməklə tapanların sayı isə 840 nəfərdir. Dünyada bir dəqiqədə 840 fincan çay içilir.
Bir dəqiqənin statistikasında insanların internetə bağlılığı daha qabarıq üzə çıxır. Belə ki, bir dəqiqədə elektron poçtla 206 milyon məktub göndərilir, “Facebook”a 246 min şəkil qoyulur, 60 saniyə ərzində “You Tube”a 72 saatlıq videomateriallar yüklənir.
Dünyanın axar zamanında problemli dəqiqələr də çoxdur. İş axtaranların sayı bir dəqiqədə 210 milyon nəfərə çatır.
Hər 60 saniyədə dünyada 34 nəfərdə xərçəng xəstəliyinin diaqnozu öz təsdiqiqini tapır.
Təbiət də bir dəqiqə ərzində bizi çox sınaqlara çəkir. Hər 60 saniyədə dünyada 5 dəfə zəlzələ baş verir, 360 dəfə şimşək çaxır. Bu şıltaqlığa baxmayaraq bir dədqiqədə havaya 61 təyyarə qalxır.
Təzadlı, sevincli, kədərli dəqiqələr arasında bir dəqiqə də var ki, o, daha həssas, daha duyğuludur: Bir dəqiqəlik sükut…
4 noyabr 2020-ci ildə saat 12.00-da Azərbaycanda Qarabağ uğrunda gedən müharibədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anıldı, xalqımız 44 günlük Vətən müharibəsində canlarını fəda verən igid oğullarımıza sevgi və ehtiramlarını məhz bir dəqiqəlik sükutla ifadə etdi.
Maraqlıdır, bir dəqiqəlik sükut ənənəsi nə vaxt və harada yaranıb?
Sükutla anım mərasimi ilk dəfə 13 fevral 1912-ci ildə Portuqaliyada qeyd olunub və bu sükut bir dəqiqə deyil, 10 dəqiqə müəyyənləşdirilib. Portuqaliya Senatı 10 dəqiqəlik sükutu üç gün əvvəl – fevralın 10-da vəfat etmiş Braziliyanın xarici işlər naziri Joze Mariya da Silva Paranyosa həsr edib.
Sükutla anım mərasiminin ənənəyə çevrilməsini 1919-cu ilin may ayında avstraliyalı jurnalist Edvard Xani təşəbbüs kimi irəli sürüb. O, “The Times” qəzetində I dünya müharibəsində həlak olanların xatirəsinin 5 dəqiqəlik sükutla yad edilməsini təklif edib. Jurnalistin təklifi qəbul olunub. Amma sükut dəqiqələri 5 dəqiqədən 2 dəqiqəyə endirilib.
Daha sonra bir sıra ölkələrdə müharibələr, təbii fəlakətlər zamanı həlak olanlara, vəfat etmiş dövlət başçılarına ehtiram əlaməti olaraq sükut dəqiqəsi keçirilib və bu 1 dəqiqə müəyyənləşdirib.
SSRİ-də bir dəqiqəlik sükut ənənəsi Leonid İliç Brejnevin hakimiyyəti dövründə başlayıb. Qələbənin 20 illiyində, 1965-ci ilin mayın 8-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə hər ilin mayın 9-da Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanda hər il fevralın 26-da saat 17-00-da Xocalı soyqırımı qurbanlarının, yanvarın 20-də isə saat 12-00-da Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Dünyada sükut ənənəsi məqbul sayılır. Yəqin ona görə ki, həmin sükut dəqiqəsində insanlar dünyanın bütün səs-küyündən ayrılaraq milli birliyini, həmrəyliyini daha dərindən dərk edir. Bu gün Azərbaycanda olduğu kimi…(Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.