İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN AGXALATLI QAZİSİ MƏHƏMMƏD KƏRİMLİ – Video

Minaya düşmüşdük, yanmış vəziyyətdə uzanmışdım, üstümə isə ermənilər gəlirdi…

Qarabağ müharibəsinin qəhrəmanı Məhəmməd Kərimli 400 nəfər döyüşçünü ölümdən qurtardı!
Hərbi həkim obrazı ikinci Qarabağ Vətən müharibəsində yüksək vətənpərvərlik, humanizm,fədakarlıq və cəsarət təcəssüm etdirir. Üç minə yaxın şəhidimiz öz canlarını Azərbaycan torpaqlarını erməni işğalçılarından təmizləmək uğrunda qurban veriblər. Lakin öz həyatlarını təhlükəyə ataraq, yaralı əsgər və zabitlərin həyatı uğrunda mübarizə aparan, onları şiddətli atəş altında döyüş meydanından çıxaran həkimlərin igidliyi olmasaydı itkilər daha çox ola bilərdi.
Onlar yaralıları bombaların, pulemyot, minomyot və artilleriya atəşləri altında plaş-çadırlarda, xərəklərdə, öz çiyinlərində, sürünərək çıxarır və ağır şəraitdə onlara yardım edirdilər. Minlərlə döyüşçüyə onlar əsil qoruyucu mələk olmuşlar. Hərbçi həkimlər müharibəyə fədakarlıq göstərərək,ürəklərinin çağırışı ilə getmişlər.
İkinci Qarabağ Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə iki medala – “ Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”- layiq görülmüş hərbçi həkim, baş leytenant Məhəmməd Kərimli öz dəstəsi ilə birlikdə 400-ə yaxın döyüşçünü ölümdən qurtarıb. Bu, həqiqətən, əsil igidlikdir.
Məhəmməd Kərimli 30 may 1992-ci ildə Qəbələdə anadan olmşdu. O, uşaqlıqdan anası kimi həkim olmaq, insanları müalicə etmək və onların həyatını qorumaq arzusunda idi. Buna görə də Azərbaycan Tibb Universitetinin hərbi həkim peşəsini seçdi. Təhsilini bitirdikdən sonra 2015-2019 illərdə
Bakıda hərbi hissələrdən birində həkim işlədi.
2019-cu ildə
Füzuli rayonundakı hərbi hissələrdən birinə göndərilir. 27 sentyabrdan isə Talışa ön cəbhəyə yollanır. Hərbi həkimlər Hippokrat andından əlavə hərbi and da içirlər.
Onlar fövqəladə və ekstremal vəziyyətdə çalışmalı (döyüşlər, təbii fəlakətlər, qəzalar), əsasən əməliyyat xarakterli yardım göstərməli olurlar.
Hərbi həkimlər adi tibbi fənnlərlə (doğuş qəbulu, yoluxucu və somatik xəstəliklər) yanaşı həm də spesifik vəziyyətləri , hərbi çöl və hərbi dəniz cərrahiyəsi, suda və havada tibb, hərbi iş şəraitinin xüsusiyyətləri, hərbi toksiko-laboratoriya, hərbi əməliyyatlardan sonra reabilitasiyanın ən yeni metodlarını bilməlidirlər.
Əsas xüsusiyyət döyüş şəraitində tibbi yardım göstərmək bacarıgıdır. Bu isə həyat üçün böyük təhlükəyə bağlıdır.
Bundan başqa hərbi həkimdə amiranəlik xüsusiyyəti olmalıdır ki, tibb xidmətini və səyyar tibb məntəqəsinin işini lazımi dərəcədə təşkil etsin və dinc şəraitdə olduğu kimi döyüş şəraitində də keyfiyyətli tibbi yardım göstərilə bilsin. – deyə M. Kərimli izah etdi.🇦🇿
“Ona görə də döyüş meydanında cəld, soyuqqanlı və savadlı hərəkət etmək lazımdır. Çünki döyüşçülərimizin həyatı bunlardan asılıdır. Bu zaman tək tibbi bacarıqlar göstərmək deyil, həmdə yaralıların ön cəbhədən tibb sanitar batalyonuna düzgün təxliyəsini tez və düzgün təşkil etmək lazımdır ki, orada onları əməliyyat etdikdən sonra arxa cəbhəyə göndərsinlər.
Hətta belə bir deyim də var: “brilliant saniyələr, qızıl dəqiqələr və gümüş saatlar”. Bu, yaralının həkim tərəfindən nə qədər tez yardım almasına işarədir.” Öz saninstruktorları ilə birlikdə o, müxtəlif qaynar nöqtələrdə 400-ə yaxın döyüşçünü ölümdən qurtarıb, və yalnız 1 nəfər onun əlində şəhid olub.
Bu qrupa baş çavuş Qaşqay Qasımov, çavuşş Vahid Şıxəliyev, kiçik çavuşlar Tural İsmayılzadə, Səyyad Teymurov, Sənan Zöhrablı, Saday Sabailov da daxildirlər. Bundan başqa M.Kərimli hərbi həkim, baş leytenant Rəhim İmranlının da qəhrəmanlığından danışdı.
“Bu müharibədə həkimlər arasında da həlak olanlar oldu. Bütün şəhidlərimizin ruhu şad olsun.
Biz hər gün döyüş meydanından 15-20 yaralı çıxarırdıq. Sonra sanitar maşınına baxış keçirəndə onun güllə və qəlpələrlə necə deşik- deşik olduğunu görürdük. Təəccüb doğuran odur ki, güllənin biri də bizə dəymirdi. Allah saxlayırdı! Ən şiddətli döyüşlər Füzuli istiqamətində oldu.Burada düşmən güclü bir neçə sıradan ibarət istehkam müdafisi qurmuşdu. Çoxlu yaralanan və ölən oldu. Tərəfimizdən edilmiş manevrlər nəticəsində, düşmənə arxadan zərdə endirərək, biz Cəbrayıl rayonu tərəfdən daxil olduq və bu rayonu ala bildik.
Döyüşlərin birində biz düşmən tərəfindən minomyot atəşinə tutulmuş səngərlərdən yaralıları xilas edirdik. Onlar torpaq altında qalmışdılar. 35-40 yaşlarında olan hündürboy və ağır döyüşçünün əli və ayağı qopmuşdu . Onu qan aparırdı. Onu xilas etmək üçün mümkün olan hər şeyi etdik.Hospitala gedərkən yolda o, gözlərini açdı, özünə və sonra mənə baxdı. Mən onu sakitləşdirmək üçün dedim ki, tezliklə yerimizə çatacayıq və o, xilas ediləcək. O, belə cavab verdi: “Mən çatmayacam. Mən şəhid oldum.”” M.Kərimli, indi ona döyüş filminin kadrları kimi görünən, bir təəccüb doğuran xilasetmə barədə də danışdı. “Bu, oktyabrın 26-da Xocalı istiqamətində gedən döyüşlər zamanı baş vermişdi. Adətən biz döyüş yerinə 4 sanitar UAZ-la gedirdik. Hər maşında,mənim komandamın üzvləri olan 2 həkim var idi.
Mən briqada komandiri kimi öz avtomobilimdə gedirdim.Əslində mənim döyüş yerinə getməyimə ehtiyac yox idi, lakin mən getməyə bilmirdim. Yaralıları götürüb, yaxındakı çöl hospitalına təxliyə edirdik. Avtomobillərin bir hissəsini göndərib, mən qaldım ki, qalanlarını götürüm. Qayıdanda azaraq,düşmən ərazisinə keçmişik. Mənim avtomobilimdə 3 nəfər yaralı var idi. Mən qabaqda oturmuşdum. Əsgərlərdən birinin ayağında qanaxma başladı. Mən maşını saxlayıb arxaya keçdim və əsgərə yardım etməyə başladım. Biz yolumuza davam etdik. Təxminən 20 saniyə sonra güclü partlayış baş berdi. Sən demə tank əlehinə minaya düşmüşük. Avtomobil dağıldı, məni isə dalğa göyə atdı. Yerə düşərkən onurğamı zədələdim. Ağrıdan gözümü aça bilmirdim. Elə bilirdim ki, əllərimi və ayaqlarımı itirmişəm və tezliklə öləcəm. Kəlimeyi şəhadətimi oxuyub, dua etməyə başladım. O anda başa düşdüm ki, sağ qalacam.Ətrafa baxıb gördüm ki, salamatam. Hiss etdim ki, yanıram.Yanğını dayandırmaq üçün tez-tez yerdə çevrilməyə başladım. Bədənimin 40 faizi yanmışdı. Hərəkət etmək çətin olsa da mən yaralı əsgərləri axtarmağa başladım. Məlum oldu ki, sürücü və əsgərlərdən biri şəhid olub., iki yaralı sağdır, amma vəziyyətləri ağırdır. Nə etməli? Özüm ağır vəziyyətdə ola-ola onlara necə kömək edim? Necə kömək çağırım? Rasiya məhv edilib, biz düşmən ərazisindəyik. Bu anda başımın üstündən güllələr uçurdu, lakin mənə dəymədilər. Mən gördüm ki, təpələrin birindən bizə tərəf beş erməni enir. Avtomobilin tibbi olmasının onlar üçün heç bir mənası yox idi. Bir təhər yol kənarında dayanan əvvəllər vurulmuş “Ural”-ın altına süründüm. Ermənilər yaxınlaşırdılar. Mən sillah axtarmaöa başladım ki. əsir düşməmək üçün atışım. Tapmadım və fikirləşdim ki, bu, sondur. “Ayət əl kürsi” surəsini oxumağa başladım. Bilmirəm mənə haradan güc gəldi . Ermənilərin diqqətini yaralı əsgərlərdən yayındırmaq üçün o yerdən , bir əlimlə sürünərək (ikinci əlimi hiss etmirdim. Ayağa da qalxa bilmirdim) üzaqlaşmağa başladım. Beləcə 150 metrə yaxın süründüm. Görəndə ki, ermənilr yaxınlaşır, ağrıya güc gələrək yaxındakı meşə massivinə qaçdım.Bu anda başımın üstündən güllələr uçurdu, lakin mənə dəymədilər. Mən gördüm ki, təpələrin birindən bizə tərəf beş erməni enir. Bu cür ekstremal vəziyyətlərdə orqanizmin bütün qüvvələri səfərbər olunur. Yanımdan güllələr uçurdu, lakin biri də mənə dəymədi. Məni Allah qoruyurdu. Meşəyə girdikdə 10 nəfər qara maskalı əsgərdən ibarət bir dəstə gördüm. Onlar mənə işarə edirdilər ki, yerə uzanım. Güclü ağrıdan gözüm elə dumanlanmışdı ki, onların əynindəki formanı seçə bilmədim. Onurğam sınıq-sınıq, bədənim yanıb, bədənimin sol tərəfini hiss etmirdim.ona görə onların kim olduğunu başa düşmədim. Elə bildim ermənidirlər. Ona görə də yerə uzanmadım, qərara aldım ki, ayaq üstə ölüm. Qəddimi düzəldib, irəlilədim. Onlar yaxinlaşanda əsgərlərdən biri maskasını çıxardı və yenə işarə ilə yerə uzanmağımı tələb etdi. Mən onu tanıdım – bizim briqadanın kəşviyyatçısı idi. Bu xilas olmaqdı! Hisslərimi sözlə çatdıra bilmirəm! Möcüzəvi xilas! Lap kinodakı kimi! Arxamca gələn ermənilər meşəyə girdilər və bizim qorxmaz döyüşçülərimiz onları məhv etdilər.Belə məlum oldu ki, kəşfiyyatçılar ermənilərin pusqu yerini və minalanmış yerləri öyrənmək üçün göndəriliblər. Belə alındı ki, mən onları həmin yerə gətirdim. Biz qayıtdıq , şəhidlərimizi və yaralı əsgərlərimizi götürdük və ordumuzun Füzili rayonunda yerləşdiyi yerə gəldik. Üç saat yol getdik. Oradan məni Cəbrayıldakı hospitala, oradan da Füzuli rayonunun tibb mərkəzinə apardılar.
Sonra məni Bakıdakı hərbi hospitala göndərdilər
və mən burada iki aya yaxın müalicə olundum.”

Məhəmməd yaralı döyüşçülərlə minaya düşdüyü yeri videoya çəkib (aşağıda baxın) – unikal kadrlardır. Materialın aşağısında həm də, şəhid olmasından bir heçə saat əvvəl nahar etdiyi sürücü Məhəmmədəli İsmayıllının da videosunu görmək olar.Kim bılərdi ki, bu onun üçün sonuncu olacaq.
M. Kərimli ön cəbhədə olan zaman bu barədə ailəsinə demirdi. Hamı elə bilirdi ki, o, hospitalda işləyir. Onun 2 körpə qızları var. Birinin 3 yaşı var, ikincisi isə Xocavənd rayonunda baş vermiş həmin hadisədən 4 ay sonra doğulub.

“İndi mən özümü normal hiss edirəm. Lakin ağır yaralanmadan sonra əvvəlki hərəkətliliyimi itirmişəm..Onurğam bərk ağrıyır. 1 millimetr də – və mən ömürlrk əlil arabasına bağlı qalardım. Sifətimdə və kürəyimdə yanıq izləri qalıb. II qrup əliləm. İndi səhhətimlə bağlı hərbi xidmətlə vidalaşmalı olacam.
Mən səyahət etməyi çox sevirəm, lakin hərbi xidmətimə görə xaricdə olmamışam. Koronovirus pandemiyası qurtardıqdan sonra buraxdıqlarımın yerini doldurmağa çalışacam.
Bu müharibə bizim millətin ən yaxşı keyfiyyətlərini üzə çıxartdı. Mən də bu qələbəyə öz payımı verməyə çalışdım. Həmişə ön cəbhədə oldum. Doğma torpaqlarımızın azad olunması üçün biz hamımız canımızı qurban verməyə hazır idik və Vətən qarşısında hər birimizin vicdanı təmizdir.
Yadıma bir əhvalat düşdü. Döyüş meydanından ayağını itirmiş döyüşçünü təxliyə edirdik. Belə hallarda biz – həkimlər yaralıları sakitləşdirməyə çalışırıq. Birdən oğlan dedi:”Doktor, narahat olmayın. Vətən uğrunda mən canımı da verərəm.” Döyüşçü qətiyyən dilxor deyildi, əksinə qürurlu idi. Bizim bax bu cür döyüşçülərimiz var idi – qorxmaz,cəsur, Vətənini hədsiz dərəcədə sevən. Elə Onların hünəri hesabına biz qalib gəldik.” – deyə Məhəmməd Kərimli əlavə etdi.

Təranə Alməmmədova,
İctimai Nəzarət Koalisiyasının Qəbələ rayon nümayəndəliyinin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: