Bu sirli göldən bir damla da su götürmək MÜMKÜN DEYİL

Cənubi Afrika Respublikasının şimal-şərqində mənzərəli, lakin sirli və vahiməli Funduji gölü var. Barəsində əfsanələr gəzən bu gölü yerli əhali müqəddəs hesab edir.

Afrikada su qıtlığı olduğuna baxmayaraq, buradakı qəbilələr heç vaxt həmin gölün sahilində məskunlaşmır, hətta oradan su içmir və balıq ovlamırlar.

Əfsanəyə görə, Funduji gölündən bir damla da su götürmək mümkün deyil və sudan içən, hətta ona toxunan kəs tez bir zamanda ölür.

Geniş kütlə Funduji haqqında 20-ci əsrin əvvəllərində xəbərdar olub. Həmin vaxt gölün yaxınlığında xrom filizi yataqları aşkarlanıb.

Avropadan ekspedisiyalar bu əraziyə gəlməyə başladıqda, nəhayət göl xəritəyə salınıb.

1955-ci ildə professor Henri Börnsayd və köməkçisi Teker göl barədə gəzən əfanənin doğruluğunu yoxlamaq qərarına gəliblər. Onlar suyu müxtəlif materiallardan – şüşə, çini və plastikdən hazırlanmış qablara dolduraraq nümunələri araşdırmaq niyyəti ilə bir neçə kilometr yol gediblər.

Lakin səhəri gün suyu araşdırmaq istədikdə alimlər qabların boş olduğunu görüblər və gölə yenidən getmək qərarına gəliblər.

Bu dəfə Börnsayd barmağını suya salaraq dadına baxıb: su acı dad verib.

Gün ərzində alimlər qabları müşahidə ediblər və heç bir dəyişiklik baş verməyib, lakin səhərə su yenə yoxa çıxıb.

Börnsayd suyu elə gölün kənarında araşdırmaq istəyib, amma bu dəfə onun səhhəti qəfil pisləşib. Professor xəstəxnaya yerləşdirilib, bir həftə sonra isə bağırsaq iltihabından vəfat edib.

Zahirdə qorxunc əfsanə təsdiqlənib, amma Funduji gölü fenomeninin elmi izahı da ortaya çıxıb.

Belə ki, əslində anomaliyalara səbəb elə yaxınlıqdakı xrom filizi yataqlarıdır.

Xrom duzları insan üçün çox zəhərlidir, göldəki xrom konsentrasiyası isə o qədər yüksəkdir ki, bir neçə damla professor Börnsaydı öldürüb.

“Yoxa çıxan su” fenomeni də yüksək xrom tərkibi ilə izah olunur. 19 dərəcədən aşağı temperaturda sudakı xrom hissəcikləri kristallaşır (bu səbəbdən su gecə hava soyuduğu zaman “yoxa çıxır”). Əslində qabdakı su heç yoxa çıxmır, sadəcə bərkiyib qabın dibi və divarlarına çökür.

Amma bunu da qeyd edək ki, Fundujinin bəzi sirlərinin üstü hələ də açılmayıb. Məsələn, zəhərli göldə çoxlu timsahların yaşaması müəmma doğurur. Göldə balıqların olmadığı halda timsahların nə ilə qidalandığı da məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: