Fərid Şəfiyev: “Sülhməramlıların nəzarətində olan ərazidə ermənilər Azərbaycan mövqelərinə hücum edir”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Diplomatic World” dərgisində “Ermənistanla Azərbaycan arasında sülh və müharibə perspektivləri” başlıqlı məqaləsi dərc olunub.

Mərkəzdən bildirilib ki, məqalədə ötən ilin noyabrında Rusiyanın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış bəyanata toxunulur və bildirilir ki, 10 noyabr bəyanatında geniş təsirə malik bir sıra maddələr var və onlar tam icra edilərsə, regionda davamlı sülhə nail olmaq mümkündür.

Fərid Şəfiyev bildirib ki, sözügedən müddəalar yerinə yetirilmədiyi təqdirdə regionda proseslər başqa məcrada inkişaf edə bilər. Müəllif bəyanatda vacib nəqliyyat və kommunikasiya xətlərinin qurulmasına dair bəndə diqqət çəkir və bildirir ki, Azərbaycan artıq rusiyalı sülhməramlıların monitorinqi altında insanlar və məhsulların Ermənistanla Qarabağ erməniləri arasında əlaqə yaradan Laçın dəhlizi vasitəsi ilə daşınmasına icazə verib. Onun sözlərinə görə, eyni zamanda Ermənistan Mehri rayonundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında torpaq yolunun açılmasını təmin edəcəyinə söz verib: “Nəqliyyat xətlərinin açılması potensialı regional əməkdaşlıq və daha yaxşı əlaqələr üçün imkanlar aça bilər. Azərbaycan Avropa ilə Asiya arasında böyük əlaqəyə töhfə vermək üçün Bakı-Tbilisi-Qars dəmiryol xətti, Trans-Xəzər fiber optik xətti kimi bir sıra nəqliyyat layihələri irəli sürüb və maliyyələşdirib. Bunun fonunda Azərbaycanın torpaqlarının işğalını uzun illər davam etdirən Ermənistan bu kimi layihələrdən, həmçinin neft və qaz layihələrdən təcrid olunub. Torpaq iddialarından əl çəkməklə Ermənistan bu təcrid olunmanı başa çatdıra bilər”.

Fərid Şəfiyev qeyd edir ki, 10 noyabr bəyanatının vacib müddəalarından biri hələ də yerinə yetirilməyib. Belə ki, dördüncü paraqrafa əsasən, Ermənistan Silahlı Qüvvələri tamamilə Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Lakin Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Ermənistan qüvvələri sərbəst hərəkət edir və Azərbaycan mövqelərinə hücumlar təşkil edir”.

Müəllif bildirir ki, əslində uzun illər davam edən ədavətdən sonra region ölkələri arasında problemin belə asanlıqla həll olunmasını gözləmək sadəlövhlük olardı. Onun sözlərinə görə, Azərbaycan və erməni xalqı uzun müddətdir davam edən zorakılıq xəttini qırmalı və özlərini tarixi nifrət kursundan azad etməlidirlər. Bu baxımdan o, Rusiyanın da regional sülh və əməkdaşlıqdan faydalana biləcəyini vurğulayıb.

“2021-ci il region üçün sülh, yoxsa yenidən alovlanan münaqişə baxımından həlledici il olacaq. Bir şey dəqiqdir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərində nəzarəti həyata keçirmək üçün strateji səbir və qətiyyət nümayiş etdirdi və bunu gələcəkdə də davam etdirəcək”,- deyə müəllif sonda vurğulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: