Almaniyada yaşayan azərbaycanlı alimdən koronavirusun mutasiyası ilə bağlı XƏBƏRDARLIQ

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev insanları gələcəkdə tətbiq ediləcək yumşalmalar zamanı qaydalara riayət etməyə çağırıb.

Azərbaycanlı alim bununla bağlı bildirib ki, əhali karantinin yumşaldılmasını virusun yoxa çıxması kimi başa düşməməli, özünütəcrid qaydalarına riayət  etməlidirlər:

“Peyvəndlər tətbiq olunsa da, tibbi maskadan istifadə, sosial məsafəni gözləmək, zərurət olmadan evdən çıxmamaq kimi qaydalar virus tam yox olana qədər hər bir insanın həyat tərzi olmalıdır.

Çünki dediyim kimi, əgər yumşalmalardan sonra insanlar qaydalara əməl etməkdən yayınsa, bu zaman virusa yoluxma halları yenidən artacaq və məcburən təkrar sərt karantin tətbiq edilə bilər”.

Tibb elmləri doktoru bildirib ki, bununla yanaşı, bir müddət əvvəl virusdan sağalanların yenidən infeksiyaya yoluxması nəticəsində COVID-19-un yeni mutasiyasının əmələgəlmə ehtimalı yaranır:

“Yəni, virusdan sağalan şəxs bir müddət sonra yenidən yoluxarsa, bu zaman virus onun orqanizmində formalaşan immunitetə qalib gəlmək üçün özünü dəyişdirir. Amma bu zaman insan özü-özünü xəstə kimi hiss etmir, yəni simptomlar olmaya da bilir.

Beləliklə, bu mübarizənin nəticəsində də virusun yeni mutasiyası yaranır. İngiltərədə olan yeni virus variantının mövcudluğu artıq Almaniyada da rəsmi olaraq təsdiqlənib.

Daha əvvəl bu variantdan fərqlənən virusun yeni mutasiyası Cənubi Afrikada da qeydə alınıb. Qeyd etmək istəyirəm ki, hazırda elmə məlum olan odur ki, yeni virus variantları və mutasiyalar xəstəliyin ağır gedişinə səbəb olmur. Yəni buna yoluxanlar digərlərindən ağır keçirmirlər. Bunlara görə ölüm sayları da çoxalmayıb”.

“Əlimizdə olan elmi statistikalara baxdıqda görünən budur ki, bu virus variantları və mutasiyalar bu günə qədər olan virusla müqayisədə insanları daha çox yoluxdurur. Məsələn, əvvəl 10 adam 8 nəfəri yoluxdururdusa, indi 10 adam 14 nəfəri yoluxdura bilər və bu virusa xas şəkildə həndəsi silsilə ilə arta bilər.

Nəticədə isə xəstə saylarının çoxluğuna görə ölkələrin səhiyyə sistemləri dekompensasiya olub insanlara keyfiyyətli xidmət göstərməyə bilər ki, bu da ağır nəticələr verə bilər. Azərbaycanda isə yük yenə dövlətin üzərinə düşə bilər. Strategiyalar isə artıq hazır olmalıdır və biz ehtiyatı əldən verməli deyilik”, – deyə N.Abdullayev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: