Millimiz texniki məğlubiyyətdən qurtuldu: Operativ Qərargah qapalı zalda məşqlərə icazə verdi

AFFA futzal üzrə millimizin Avropa çempionatının seçmə mərhələsini çərçivəsində keçirəcəyi oyunların vaxtı və məkanının müəyyənləşdiyini açıqlayıb.

Məlum olur ki, millimiz yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya yığması ilə qarşılaşacaq.

Yanvarın 18-də sərt karantin rejimi bitsə də, ölkədə karantinin tamamilə götürülməsi gözlənilmir. Karantin vaxtı isə ölkədə qapalı idman zallarında məşqlərə və idman yarışlarının keçirilməsinə qadağa qoyulub.

Bu üzdən də ölkədə voleybol, həndbol, stolüstü tennis, badminton və s. idman növləri kimi, parket üzərində oynanılan futzal yarışları da keçirilə bilmir. İş o yerə gəlib çatıb ki, millimiz bu seçmə mərhələ oyunlarına da hazırlaşa bilmir. Vaxt isə azdır. Cəmi iki həftə qalıb.

İdmançılar isə məcburiyyətdən açıq havada məşq etməli olur. Ötən ay millimizin qapıçısı Rövşən Hüseynli həmkarı Emin Kürdovla açıq havada mini meydançada məşq etməsinə dair görüntülərini paylaşmışdı. Ancaq etiraf etmək lazımdır ki, futzalçılar üçün rezin örtüklü meydança ilə parket meydança arasında məşq etməyin fərqi çoxdur və həmin effekti vermir.

Daha bir məqam isə odur ki, AFFA və UEFA bu yarışın Bakıda keçiriləcəyini elan etsə də, ölkə qanunları ilə bu matçın keçirilməsi mümkünsüzdür. Bunun üçün güzəşt olmalıdır. Əks halda millimizə texniki məğlubiyyət verilə bilər. Ən pis halda Slovakiya Futbol Federasiyası ilə razılaşdırılacağı təqdirdə, millimiz oyununu səfərdə keçirə bilər.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin İdman Şöbəsindən bildirildi ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bu məsələ ilə bağlı nazirliyə artıq müsbət cavab verildiyini bildirdi.

Azərbaycan Futzal Federasiyası da bu məlumatı təsdiqlədi. Artıq yanvarın 18-dən komandamızın Bakı İdman Sarayında məşq etməsi üçün heç bir problem yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: