COVID-19 pasportu olmayanlara ölkədən çıxışda problem yarana bilər

“Peyvənd vurdurmaq könüllü olsa da, bəzi müəssisələrdə vaksin vurdurmaq şərt kimi qoyula bilər” 

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı təsdiq edib. Azərbaycanda vaksinasiya yanvarın 18-də başlanacaq. Peyvəndləmə iki mərhələdə aparılacaq.

Bununla bağlı COVID-19-a görə vaksin vurduranlara pasport verilməsi məsələsi gündəmə gəlib. Sosial platformada koronavirusa görə vaksin vurdurmayanların xaricə çıxışına məhdudiyyətlərin qoyulacağı, hətta vətəndaşlarla təmasda olan dövlət qurumlarında çalışanların vaksin etdirməsinin məcburi olacağı barədə məlumatlar var. Yayılan xəbərlərə əsasən, koronavirus peyvəndi vurulmuş şəxslər COVID-19 pasportu vasitəsilə dünyanın istənilən ölkəsinə səfər edə biləcəklər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış Sputnik Azərbaycan-a açıqlamasında bldirib ki, əhaliyə vaksindən sonra COVID-19 pasportunun verilməsi ilə bağlı fikirlər var. Onun sözlərinə görə, TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı da keçirilən mətbuat konfranslarında bu barədə məlumat verib. R.Bayramlı qeyd edib ki, Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. Mütəxəssislər bunun üçün proqram üzərində çalışırlar. Amma E.Baxış hələ ki, bu pasportla bağlı detalların tam məlum olmadığını, COVID-19 pasportu barədə məlumatların əhalinin koronavirusa görə vaksinasiyası ilə bağlı hazırlanan strategiyada öz əksini tapacağını söyləyib. Onun sözlərinə görə, bu strategiya yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 pasportunun verilməsi dünyada gediş-gəlişin, xarici ölkələrlə əlaqələrin bərpası baxımından vacibdir: “İndiyə qədər xaricə gedənlərdən koronavirusa görə test tələb olunurdu. Amma bu testin cavabının mənfi çıxması həmin şəxsin xarici ölkəyə gedib çatanadək virusa yoluxmayacağına təminat vermirdi. COVID-19-a görə peyvəndin edilməsi isə insanların bu virusa yoluxma riskini minimuma endirir. Ona görə də COVID-19 pasportu olan şəxslərin xarici ölkələrə səfəri virusun yayılması baxımından təhlükəli olmayacaq. Düşünürəm ki, əksər ölkələr öz ölkələrində virusa yoluxmanın qarşısını almaq üçün xaricdən gələn vətəndaşlardan bu pasportu tələb edəcəklər. Amma həmin şəxslər tibbi maskadan da istifadə etməlidirlər”.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 pasportunun verilməsi ilə bağlı Avropa ölkələrində müəyyən yanaşma var: “Koronavirusa görə peyvənd ediləcək şəxslərin sənədləşməsi aparılacaq. Bunun keçərli sertifikat kimi hazırlanması hələ ki, müzakirə mövzusudur. Heç bir ölkə COVID-19 pasportu hazırlamayıb. Amma dövlətin özü vətəndaşına vaksin etdiyini təsdiq edən sənəd verə bilər. Bu sənədin xarici ölkələr tərəfindən tələb olunub-olunmayacağı, bu barədə qərar yəqin ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən veriləcək. Koronavirus laboratoriyalarının nəticələrini ölkələr qarşılıqlı şəkildə tanıyır. Amma vaksin edilmiş insanın hərəkət etməsi daha rahatdır. İstənilən halda koronavirusa görə vaksin edilmiş şəxsin bir sənədi olmalıdır. Çünki bu insanların yoluxmaq və yoluxdurmaq riski yox dərəcəsindədir”.

Milli Məclisin Səhiyyə Komitəsinin digər üzvü Kamilə Əliyeva isə Sputnik Azərbaycan-a bildirib ki, peyvənd etdirməyənlərə ölkədən çıxışda da müəyyən problemlər yarana bilər. Onun sözlərinə görə, peyvənd vurdurmaq könüllü olsa da, ola bilər ki, bəzi müəssisələrdə vaksin vurdurmaq şərt kimi qoyula bilər: “Bu, vətəndaşlarla sıx təmasda olan dövlət qurumlarında çalışanlara aid edilə bilər”.

Xatırladaq ki, Ramin Bayramlı öz çıxışında bildirib ki, vaksin vurulan şəxslərlə bağlı elektron sistem e-təbib proqramı üzərində olacaq: “Sistem demək olar ki, tam hazırdır. Bundan başqa, bizim tərəfimizdən barkodlu və hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvənd etdirəcək şəxslərə bu pasport veriləcək. Əgər hər hansı xarici ölkə koronavirusla əlaqəli nəsə sənəd tələbi irəli sürsə, həmin pasport təqdim ediləcək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: