XİN Avropa Parlamentinin qətnaməsini pisləyib

“İlk növbədə onu vurğulamaq istərdim ki, bu il yanvar 20-də Avropa Parlamentinin (AP) qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə əks olundu. Bəzi ermənipərəst dairələrinin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş vermədi”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Sənəddə, həmçinin qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı perspektivlər açacağına ümid ifadə olunur. Burada, mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıldılması, kasetli döyüş sursatlarından istifadə pislənir və bu xüsusda həm Ermənistan, həm də Azərbaycana çağırışlar edilir. Sənəddə məcburi köçkünlər və qaçqınların evlərinə geri qayıtması, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, habelə müharibə cinayətlərinə məsul olanların qanun qarşısında cavab verməsi kimi məsələlər əks olunub.

Bir sözlə, Avropa Parlamenti qətnaməsi Şərq Tərəfdaşlığı ölkərindəki münagişələrlə bağlı bütün məsələlərin həllini məhz beynəlxalg hüquq əsasında, ilk növbədə isə ŞT ölkələrinin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüklərinin Aİ tərəfindən qətiyyətli dəstəklənməsi əsasında həll edilməsinin vacibliyini son 4 ildə olduğu kimi bir daha vurğulayıb.

O ki, qaldı qətnamədə əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara, onlara aydınlıq gətirmək istərdik. İlk növbədə, bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə ifadə olunub. Bu mövqe ilə tanış olmayan AP üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur; tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur.

Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu xüsusda müstəsna rol oynayır”, – XİN rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: