Binalara niyə istilik verilmir? – Qurumlardan AÇIQLAMA

Bakı sakinləri şaxtalı havalarda mənzillərə istiliyin verilmədiyini deyirlər.

Söhbət Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2 ünvanından gedir:

“Yaşadığımız binada su təchizatı pis vəziyyətdədir. Ümumiyyətlə binaya su səhər saat 10-11-ə qədər verilir, sonra kəsilir. Bir də axşam saat 18:00-da suyun verilməsi təmin olunur. Bu da yetməzmiş kimi soyuq havada “Azəristiliktəchizat” da istilik sistemlərinin normal fəaliyyətini təmin etmir. Qazanxanalara zəng vururuq, bizə deyirlər ki, “Azəriqaz” qaz vermir və bu səbəbdən də istilik verə bilmirik. Söhbət yalnız Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2 ünvanından getmir, paytaxtın bir çox ərazilərində vəziyyət belədir”.

Məsələ ilə bağlı “Azəriqaz” İctimai Birliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, paytaxt ərazisində qazanxanalara qaz verilişində problem yoxdur:

“Hər hansı qazanxanaya qaz verilişində problem yoxdur. Bakı Regional Qaz İstismar Departamentinin rəhbərliyi “Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb məsələni dəqiqləşdirib. Onlar da bildirib ki, paytaxt üzrə hər hansı qazanxanaya qaz verilməsi ilə bağlı hansısa problem yoxdur. Ola bilsin ki, ərazidə konkret olaraq qazanxananı idarəedən şəxslər müəyyən problemlərdən boyunqaçırmaq üçün “Azəriqaz” İB-nin adını çəkirlər. Buna yol vermək olmaz, çünki biz qaz təchizatı ilə bağlı məsələni diqqətdə saxlayırıq”.

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev bildirib ki, ötən gün Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2, ünvanında binanın qazanxanasına verilən qazın təzyiqinin azalma olmuşdu:

“Binaya istiliyin verilməsində fasilə olmayıb. Sadəcə olaraq saat 15:00 radələrindən 21:00-a qədər qazın təzyiqi az olub. Bu səbəbdən temperatur bir qədər aşağı düşüb. Bununla bağlı “Azəriqaz” İB-nə müraciət etdik və axşam saat 22:00-dan sonra qazın təzyiqi artdı, binaya normal temperaturda istilik verilişi bərpa olundu. Həmin binada nə qazanxanada, nə istilik xətlərində heç bir problem yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: