İstanbulda Azərbaycan ədəbiyyatına həsr olunan tədbirlər keçirildi – FOTO

Xəbər verdiyimiz kimi, ölkəmizin elm adamları və naşirlərindən ibarət nümayəndə heyəti VI İstanbul Beynəlxalq Naşirlər Görüşündə iştirak edir.

Martın 9-da işə başlayan tədbirin ikinci günündə nümayəndə heyətimizin işgüzar görüşləri keçirilib, əməkdaşlıq əlaqələrinin qurulması və Azərbaycan kitabının tanıdılması işinə töhfə olacaq razılaşmalar əldə edilib.

Görüş çərçivəsində “Azərbaycan ədəbiyyatı və Nizami Gəncəvi” mövzusunda elmi seminar təşkil olunub. Bakı Yunus Emrə İnstitutunun direktoru Selçuk Karakılıçın moderatoru olduğu tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov və yazıçı Azad Ağaoğlu dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı ilə bağlı aparılan tədqiqat işləri, nəşr olunan kitablar, həmçinin Azərbaycan klassik və müasir dövr romanları haqqında məlumat veriblər.

Ölkəmizlə bağlı daha bir tədbir Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə gerçəkləşib. Türkiyənin “April” nəşriyyatının əməkdaşı Nazlı Berivan Ağ yazıçının türk dilində nəşr olunan kitabları haqqında tədbir iştirakçılarına məlumat verib. Çingiz Abdullayev öz yaradıcılığı və Azərbaycan-Türkiyə ədəbi əlaqələri barədə sualları cavablandırıb.

Beynəlxalq tədbir çərçivəsində həmçinin Bakı Yunus Emrə İnstitutunun əməkdaşı Nuranə Tağıyevanın moderatorluğu ilə onlayn formatda tanınmış gənc yazarlarımız Aqşin Yenisey, Ramil Əhməd və türk ədəbiyyatı üzrə tədqiqatçı Mehdi Gəncəlinin iştirakı ilə müasir Azərbaycan ədəbiyyatına dair videokonfrans təşkil olunub.

Azərbaycanın fəxri qonaq ölkə kimi qatıldığı VI İstanbul Beynəlxalq Naşirlər Görüşü martın 11-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: