DİN-dən həkimin xəstəni döyməsi iddiasına reaksiya – YENİLƏNİB + VİDEO

Daxili İşlər Nazirliyi Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Sona Hüseynovanın vətəndaşı döyməsi ilə yayılan videoya münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Tovuz rayon sakini Fərid Yusifov Tovuz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon xəstəxanasında həkim-psixoloq işləyən Sona Hüseynova tərəfindən döyülməsi ilə bağlı müraciət edib:

“Vətəndaşın müraciəti əsasında RPŞ-in Təhqiqat Bölməsində araşdırma başlanılıb, ekspertiza təyin olunub. Ekpertizanın rəyindən sonra araşdırılması üçün toplanan material rayon prokurorluğuna göndəriləcək”.

11:36

Tovuz rayon sakini iddia edir ki, həkimlər onu döyüb.

Bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Məsələ barədə Tovuz Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq.

Xəstəxananın psixiatrı Sona Hüseynova bildirib ki, vətəndaş altı il öncə xəstəxanada qeydiyyatda olub:

“O, epilepsiyadan əziyyət çəkir və ona 3-cü qrup əlillik təyin olunub. Son beş ildə müayinə üçün müraciət edilməyib. Vətəndaşın dediyinə görə, Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrinin birində müalicə alıb. Müayinə zamanı növbəlilik prinsipini pozaraq otağa Vətən müharibəsi qazisi adı ilə daxil olub. Lakin onun qazi olmadığı, hətta hərbi xidmət keçmədiyi məlum olub”.

Həkim bildirib ki, pasiyent müayinə edilən zaman onda ciddi şəxsiyyət pozuntusu aşkar olunmayıb:

“Əlilliyin təyin olunması ilə bağlı isə özünə məlumat verilməyib. Çünki əlilliyin meyarlarına görə epileptik tutmalarının sayı vacibdir.

Son beş ildə stasionar müalicə ilə bağlı bir sənədi belə yoxdur. Epileptik tutmasının olması, şəxsiyyət dəyişkənliyinin olub-olmaması barədə tək psixiatr kimi diaqnoz qoymağa hüququm yoxdur. Buna görə mənə stasionar müalicə barədə sənəd, epiqriz lazım idi. Lakin vətəndaş stasionar müalicəyə razı olmadığını bildirdi, məni qanunsuzluqda ittiham edərək cinayət işi törətməkdə günahlandırdı.

Videoçəkiliş etməyə icazə olmadığını bildirsəm də, məni videogörüntüyə almağa cəhd göstərdi. Bir xanım kimi məni təhqir edərək nalayiq təkliflər etdi. Məqsədim telefonu onun əlindən almaq olub. Videonun yayılmaması üçün məni şantaj etməyə başladı. Bildirdi ki, ya 3 000 manat pul verəcəksən, ya da videonu yayaraq səni rüsvay edəcəyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: