Azərbaycanda sərt karantin gəlir? – DEPUTAT AÇIQLADI

2020-ci ilin mart ayından bəri hər bir dövlətin öz resurslarını maksimum dərəcədə istifadə edərək koronavirusa qarşı başlatdığı mübarizə hələ də davam edir. Pandemiya daha rahat sosial və iqtisadi həyata dönmə planları quran ölkələrə göstərdi ki, onunla mübarizə işləri bitməyib, tələsmək olmaz. Bir çox dünya ölkələrində olduğu kimi, hazırda üçüncü dalğa olaraq qəbul etdiyimiz bir dönəmi yaşayırıq.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib. Yoluxma sayından danışan həkim qeyd edib ki, başlamış olan dalğanın yaxın gələcəkdə sönmə ehtimalı var:

“Uzunmüddətli statistika vermək çətin olsa da, rəqəmlərin düşməyə başlaması və yoluxanlarla müqayisədə sağalanların sayının artması sevindirici haldır.

Dünyanın bir çox ölkələrindəki vəziyyəti müqayisə etdiyimiz zaman gördük ki, karantin rejiminin sərtliyindən asılı olmayaraq, fərqli nəticələr qeydə alınıb. Azərbaycan hökuməti mövcud olan tədbirləri daha da sərtləşdirmədi, daha ciddi rejimlərə keçmədi. Sadəcə cəmiyyət içində ən böyük təhlükə yaradan uşaq və məktəblilər tərəfindən yayılmanın qarşısını almaq üçün qısamüddətli onlayn sistemə keçdik. Bu addımı atmaqla çox uğurlu nəticə əldə olundu. Yoluxan, ağırlaşan, eləcə də həyatını itirənlərin sayı müstəvisində müqayisə etdiyimiz zaman Azərbaycanın qardaş Türkiyədən 4 dəfə daha yaxşı vəziyyətdə olduğu məlum oldu. Bunu və xəstəxanadakı resurslarımızı nəzərə alaraq hökumət var olan rejimlərin daha da sərtləşdirilməsinə getməyə ehtiyac görmədi. Ümid edirəm ki, zaman bizə verilən qərarların doğru olduğunu göstərəcək. Bu şəkildə davam edərsə, yaxın gələcəkdə karantin rejiminin daha da yumşaldılması mümkün olacaq. Xüsusilə vaksinləşmə prosesində hədəf nöqtəyə çatdıqdan sonra yəqin ki, gələcəyə daha qorxusuz və daha inamlı baxacağıq”.

Həkim bildirib ki, COVID-19 pandemiyası ilə mübarizədə istər preventiv tədbirlər, istərsə də vaxtında verilən qərarlar, eləcə də modul tipli xəstəxanalar və digər xəstəxanalardakı maddi-texniki və elektron bazasının artırılması istiqamətində atılmış addımlar özünü doğrultdu:

“Etiraf edək ki, 2019 və 2020-ci ilin əvvəllərində Azərbaycan səhiyyəsi Avropa və Türkiyə səhiyyə sistemi ilə müqayisə olunacaq vəziyyətdə deyildi, əskiklərimiz var idi. Amma cənab Prezidentin əzmi ilə ciddi islahatlara başlanıldı. COVID-19-la mübarizədə bütün səylər səfərbər olundu. Problemlə milli müstəvidə mübarizədə ən effektiv nəticələr ortaya qoyuldu. Azərbaycanın ərazi böyüklüyünə, iqtisadiyyatına və dünyadakı roluna baxdığımız zaman bir çox dünya ölkələri ilə müqayisədə kiçik görünsək də, koronavirusla mübarizədə beynəlxalq və regional səviyyədə də ortaya qoyulan səylərimiz bəlkə də ən böyüklərindən biri oldu. Pandemiyaya qarşı münasibətlər fərqli qiymətləndirilsə də, ümumilikdə Azərbaycan cəmiyyətinin hadisəyə qarşı münasibəti ilk gündən qənaətbəxş və epidemioloji vəziyyətə uyğun oldu. Lakin biz qorxu hissi yaşayaraq gündəlik həyatımızı formalaşdırmamalıyıq. COVID-19 dünyada bizə bir reallığı qəbul etdirdi ki, getdikcə avtomatlaşdırılmış həyatımızla birgə nəzarəti bəzən çətin olan belə yoluxucu xəstəliklərlə qarşılaşma ehtimalımız ola bilər. Baş verənlərdən nəticə çıxararaq bununla birlikdə yaşamağı da öyrəndik.

Yumşalmalara getdikdən sonra belə, istənilən kəskinləşmə və nəzarətdən çıxan bir vəziyyətdə hər birimiz bu cəmiyyətin bir üzvü olaraq üzərimizə düşən məsuliyyəti aydın dərk edərək onu gündəlik həyatımıza tətbiq etməklə problemlə mübarizədə uğur qazana bilərik. Azərbaycan dövləti və rəhbəri hər bir vətəndaşının sağlamlığının gələcəkdə daha da yüksək səviyyədə qorunması üçün əlindən gələni edib və edəcək”.

R.Mahmudov əlavə edib ki, yoluxma sayının azalma tendensiyası davam edərsə, cəmiyyət də bunun artmaması üçün üzərinə düşən məsuliyyəti həyata keçirərsə, Azərbaycanın Ramazan bayramı ilə bağlı hər hansı sərt karantin rejimi tədbirlərinə keçilmə ehtimalı yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: