1992-nin 15 mayı, 2021-in 15 mayı

29 il öncənin bu günləri… Adamın gözünün qarşısından dəfələrlə baxdığı, epizodlarını, replikalarını əzbər bildiyi kino lenti kimi keçir.

Ümumiyyətlə götürsək, “getsin, gəlməsin” kateqoriyasına düşəcək günlər idi.

Ölkədə siyasi xaos vardı: dövlətsizlik, hakimiyyətsizlik, başıpozuqluq…

Qarabağda ard-arda əldən gedən qəsəbələr, kəndlər, Şuşa, Laçın…

2.png (138 KB)

İki ay öncə yetərsizliyi, siyasi iqtidarsızlığı səbəbindən ictimai təzyiqə məruz qalaraq istefa vermiş prezident Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtmaq ehtirası…

55.jpg (53 KB)

Prezident səlahiyyətlərini icra edən professor Yaqub Məmmədovun hansı qazanın içində qaynadığını bilməməsi, çar-naçar dövləti idarə etməyə çalışması…

Dönəmin ən güclü siyasi təşkilatının – Azərbaycan Xalq Cəbhəsinin, Etibar Məmmədovun sözü ilə desək, “yerdə qalmış hakimiyyət”i götürməyə tərəddüd etməsi…

Qonşu dövlətlərin bizə qarşı məkrli niyyətləri…

Cəbhə xəttində vuruşan hərbi birləşmələrimizin vahid komandanlığa tabe olmaması, hərəsinin öz mövqeyini özü bildiyi kimi qorumağa və ya tərk etməyə cəhd göstərməsi…

Bu gündən baxanda hər şey çox bəsit görünür. Adama elə gəlir ki, o situasiyadan asanca çıxmaq olarmış. Fəqət elə deyildi.

Müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin 6 ayı tamam olmamışdı. Dövlətin büdcəsi boş idi. Keçmiş müttəfiq respublikalarla iqtisadi əlaqələr zəifləmişdi. Ölkədə kasıbçılıq, qıtlıq, hərc-mərclik hökm sürürdü.

11.jpg (34 KB)

AXC üzvlərinin formalaşdırdığı könüllülərdən ibarət batalyonların silah-sursat təchizatı zəif idi, peşəkar zabit kadrları çatışmırdı.

Müdafiə Nazirliyində, eləcə də SSRİ-dən miras qalmış digər hüquq-mühafizə orqanlarının şəxsi heyətində N qədər satqın, xain, manqurt vardı.

Müttəfiqsiz qalmışdıq. Qardaş Türkiyənin o dövrdəki siyasi liderləri Azərbaycanla olduqca ehtiyatlı, məsafəli idilər. Onlara elə gəlirdi ki, bizə kömək etsələr, Rusiya Türkiyəyə nüvə zərbəsi endirəcək.

İran rus qoşunlarının çəkildiyi Azərbaycana iştahla baxır, bulanıq suda balıq tutmaq fikriylə, casuslar ordusunu ölkəmizin dərinliklərinə yeridirdi.

44.jpg (141 KB)

1 il əvvəl (1991-ci ilin mayında) Moskvaya dirsək göstərmiş erməniləri bizim əlimizlə cəzalandıran, Şaumyan (kənd) rayonunun azad olunmasına yardım edən Rusiya generaliteti bu dəfə Mütəllibovu devirərək Moskvaya asi çıxmış Azərbaycanı cəzalandırmaq fikrindəydi.

Bir sözlə, ölkədə heç nə indiki kimi deyildi, müqayisəyə gəlməz şəkildə fərqli və bərbad idi.

Ona görə də bu günün imkanları çərçivəsindən o günlərə baxıb mülahizə yürütmək, “niyə filan şeyi filan cür etmirdilər” demək absurddur.

Bu gün Azərbaycan ordusunun səsi 40 il əvvəl əldən verilmiş torpaqlardan, ermənilərin çoxdan özlərininki bildiyi Qaragölün qırağından gəlir. Artıq o yüksəkliklərə doğru irəliləmək gücümüz var.

Amma 29 il öncə yönümüz zirvələrə deyildi, yolumuz enişlərəydi. Çünki gücümüz yox idi, nə pulumuz, nə silahmız, nə hərbi hazırlığımız, nə müttəfiqimiz, nə aydın strateji planlarımız vardı.

Bircə aşıb-daşan pafosumuz və mübarizə əzmimiz vardı, bir də fədakar könüllülərimiz. Düşmənin qarşısında da məhz onların sayəsində birtəhər dayanırdıq.

Bir qərinəyə yaxın vaxt keçdikdən sonra adam fikirləşir ki, bəlkə 1992-ci ilin may ayının 15-də AXC yenidən hakimiyyətə qayıtmaq istəyən Mütəllibovu təxminən 12-14 saatdan sonra bir daha getməyə məcbur etməsəydi və o, hakimiyyətdə möhkəmlənsəydi, nə olardı? Bəlkə bir həftə öncə əldən getmiş Şuşanı geri almaq olardı? Bəlkə 2 gündən sonra Laçın işğal olunmazdı?

33.jpg (29 KB)

İndi bu suallara heç cür dürüst cavab vermək mümkün deyil. Yalnız ehtimallar irəli sürmək olar. Bilinən odur ki, o zaman AXC belə bir addım atmağa məcbur oldu və bu, sonradan ona ziyan gətirdi. 3 ilin təşkilatına hakimiyyətə gəlmək tez idi.

Hazırda bu da yəqindir ki, bu qədər zəifkən o cür tamahkar, aqressiv, arxalı düşmənlə razılığa gəlmək mümkün deyildi. Bunu sonrakı illərin hadisələri də göstərdi.

Məlum oldu ki, bu düşmənin anlayacağı bircə dil var – güc yolu, qüvvə tətbiqi. Şuşanı ermənilərdən min il yalvarmaqla, Şuşa boyda sərvət verməklə də almaq olmazdı, divin canı şüşədə olduğu kimi, düşmənin də canı Şuşadaydı. Əsgərimiz şüşəni sındırdı, Şuşanı azad etdi.

29 il öncə bunu etmək mümkün deyildi.

Bu o, deməkdir ki, biz hər zaman ayıq-sayıq, tədbirli və güclü olmalıyıq. Yoxsa bu regionda yaşamaq bizə haram olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: